İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Siyasət
1 okt 2026 | 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Azerimedia.Az President.az-a istinadən həmin müraciətin tam mətini təqdim edir:

"Sizi səmimi-qəlbdən salamlayır və AQEM Media Forumunun Bakı şəhərində işə başlaması münasibətilə təbrik edirəm. Azərbaycana xoş gəlmisiniz!

Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşviq etmək məqsədilə üzv ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən əhəmiyyətli və unikal dialoq platformasıdır. Son iki il ərzində bu təşkilata sədrlik edən Azərbaycan qarşılıqlı etimad quruculuğu tədbirlərinin təmin olunması yolunda qətiyyət və ardıcıllıq nümayiş etdirərək AQEM-in institusional imkanlarının gücləndirilməsi, praktiki birgə fəaliyyətin genişləndirilməsi və təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun daha da artırılması üçün səylərini əsirgəməmişdir.

AQEM-ə sədrliyimiz dövründə müxtəlif istiqamətlər üzrə Bakıda keçirilən yüksək səviyyəli görüşlər, beyin mərkəzləri, ekspertlər, biznes dairələri və gənclər arasında təşkil edilən tədbirlər təşkilat çərçivəsində qarşılıqlı əlaqələrin intensivləşməsinə töhfə verərək Azərbaycanın dialoq və çoxtərəfli əməkdaşlıq məkanı kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etmişdir.

Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərlə birgə həyata keçirdiyimiz fəaliyyətə diqqətin cəlb edilməsi baxımından xüsusi önəm kəsb edir.

"Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusuna həsr edilmiş bugünkü Forum informasiya və kommunikasiya sahəsinin etimad quruculuğunun vacib tərkib hissəsi olduğunu nümayiş etdirmək üçün əlverişli fürsətdir. Media artıq yalnız informasiya mübadiləsi vasitəsi kimi deyil, ictimai diplomatiyanın, qarşılıqlı anlaşmanın və regional əməkdaşlığın mühüm aləti kimi nəzərdən keçirilir.

Azərbaycan AQEM çərçivəsində media və kommunikasiya sahəsinin inkişaf etdirilməsinə, üzv dövlətlər ilə media sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə və informasiya mübadiləsi mexanizmlərinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırır. Son illər ərzində müxtəlif media qurumları arasında formalaşmış tərəfdaşlıq əlaqələri, eləcə də AQEM üzv dövlətlərindən olan media nümayəndələrinin Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq media tədbirlərində iştirakı bu istiqamətdə praktiki əməkdaşlıq üçün şərait yaratmışdır.
Hazırda dünya sürətlə dəyişən geosiyasi reallıqlar, artan təhlükəsizlik çağırışları, media sahəsində baş verən köklü transformasiyalar ilə səciyyələnən mürəkkəb bir dövr yaşayır. Fərqli maraqların və baxışların toqquşduğu rəqəmsal əsrdə yayılan istənilən məlumat cəmiyyətlərarası və dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir.

Baş verən prosesləri işıqlandıran və cəmiyyətə çatdıran media ictimai rəyin formalaşmasına, qarşılıqlı etimad və anlaşmaya, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir. Dezinformasiyanın geniş yayılması, süni intellekt texnologiyalarından sui-istifadə etməklə saxta informasiya və materialların hazırlanması ictimai etimada birbaşa təsir göstərir. Xüsusilə sosial media və rəqəmsal platformaların informasiya məkanında rolunun sürətlə böyüdüyü bir zamanda medianın hesabatlılığı və üzərinə düşən məsuliyyəti daha da artır. Bütün bunlar media institutlarının peşəkarlığına və obyektivliyinə olan tələbləri daha da yüksəldir, ortaq informasiya məsuliyyətinin formalaşdırılmasını zəruri edir.

Etibarlı məlumat yalnız peşəkar jurnalistikanın deyil, bütövlükdə informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir. Dövlət qurumları, media subyektləri, rəqəmsal platformalar, jurnalistlər, tədqiqatçılar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Media savadlılığının artırılması və yeni texnologiyaların məsuliyyətli tətbiqi də etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir.

Bu xüsusda AQEM Media Forumunun keçirilməsi media sahəsində əməkdaşlığın yeni məzmun və istiqamətlərlə zənginləşdirilməsi baxımından əlamətdar hadisədir. Əminəm ki, dost ölkələrin nüfuzlu media nümayəndələrinin iştirak etdiyi hazırkı Forum AQEM məkanında media sahəsində işbirliyinin inkişafına, birgə layihələrin reallaşmasına, dürüst, effektiv və çevik kommunikasiyanın həyata keçirilməsi ilə bağlı təcrübə mübadiləsinin aparılmasına töhfə verəcəkdir.

Forumun işinə uğurlar və səmərəli müzakirələr arzulayıram".

10:10

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Azerimedia.Az xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.
Bu gün, 11:16
Prezident: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
Bu gün, 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Bu gün, 09:30
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
Dünən, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
Dünən, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Dünən, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
Dünən, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
Dünən, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
Dünən, 13:31
Onlar vergidən 20 il azad edildilər
Dünən, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Dünən, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
Dünən, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
Dünən, 10:32
Zakir Həsənov onlara müraciət etdi
Dünən, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
Dünən, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
Dünən, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
Dünən, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
29-09-2026, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
29-09-2026, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
29-09-2026, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
29-09-2026, 14:00
İran yeni silahlar hazırlayır
29-09-2026, 13:50
Qatarlarda interval azaldılacaqmı? - Problemlə bağlı RƏSMİ AÇIQLAMA
29-09-2026, 13:25
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli oldu
29-09-2026, 13:00
Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?
29-09-2026, 12:30
Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi
29-09-2026, 10:37
Ölümündən bir il ötür: "Elə bir gün olmayıb ki, onunla söhbət etməyim"
29-09-2026, 10:33
Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?