TƏBİB niyə Səhiyyə Nazirliyinə birləşdirildi? - DETALLAR
Səhiyyə
19 okt 2026 | 13:30
TƏBİB niyə Səhiyyə Nazirliyinə birləşdirildi? - DETALLAR
“Prezident İlham Əliyevin səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı imzaladığı yeni Fərman ölkənin səhiyyə sistemində mühüm institusional dəyişikliklərin əsasını qoyur. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi yalnız inzibati strukturun yenilənməsi deyil, səhiyyə siyasətinin formalaşdırılması, tibbi xidmətlərin təşkili, idarəetmə məsuliyyəti və keyfiyyətə nəzarət mexanizmlərinin yenidən əlaqələndirilməsi baxımından əhəmiyyətli qərardır”.
Bunu açıqlamasında Milli Məclisin ixtisasça həkim olan deputatı Müşfiq Məmmədli deyib.

O bildirib ki, fərmana əsasən, TƏBİB-in hüquq və öhdəliklərinin, eləcə də əmlakının nazirliyin tabeliyindəki publik hüquqi şəxsə keçməsi nəzərdə tutulur: “Yeni idarəetmə modelində TƏBİB-in cari fəaliyyətinə nazirlik tərəfindən təyin olunan sədr və onun dörd müavinindən ibarət İdarə Heyəti rəhbərlik edəcək. Keçid dövründə isə Müşahidə Şurasının səlahiyyətlərini nazirliyin yaratdığı komissiya həyata keçirəcək”, - o vurğulayıb.

Deputat əlavə edib ki, bu qərarın mahiyyətini düzgün qiymətləndirmək üçün Azərbaycan səhiyyəsinin son illərdə keçdiyi inkişaf yoluna, mövcud idarəetmə modelinin xüsusiyyətlərinə və qarşıdakı mərhələnin prioritetlərinə kompleks yanaşmaq lazımdır: “Son illərdə Azərbaycanda səhiyyə sisteminin modernləşdirilməsi, icbari tibbi sığortanın tətbiqi, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və tibbi xidmətlərin əhali üçün əlçatanlığının artırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib



İcbari tibbi sığortanın ölkə üzrə tətbiqi səhiyyə xidmətlərinin maliyyələşdirilməsində yeni mexanizmlər formalaşdırıb. TƏBİB-in yaradılması isə dövlət tibb müəssisələrinin vahid idarəetmə prinsipləri əsasında fəaliyyət göstərməsinə imkan verən institusional modelin əsasını qoyub. 2018-ci ildə yaradılan TƏBİB-in əsas vəzifəsi tabeliyində olan dövlət tibb müəssisələrinin fəaliyyətinin təşkili, idarə edilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi olub. Lakin səhiyyə sistemi inkişaf etdikcə onun idarə olunması qarşısında yeni tələblər meydana çıxır. Tibbi xidmətlərin maliyyələşdirilməsi, kadr siyasəti, regional səhiyyə infrastrukturu, xəstəxanaların idarə olunması və tibbi xidmətlərin keyfiyyətinə nəzarət arasında daha sıx əlaqələndirmə zərurəti yaranır. Bu baxımdan, yeni Fərman səhiyyə idarəçiliyində növbəti institusional mərhələyə keçid kimi təhlil oluna bilər. Əsas məsələ yalnız idarəetmə strukturunun dəyişməsi deyil, bu dəyişiklik nəticəsində səhiyyə sisteminin daha çevik, şəffaf, məsuliyyətli və vətəndaşın ehtiyaclarına həssas fəaliyyət göstərməsidir”.

M.Məmmədli hesab edir ki, bu islahat vahid səhiyyə siyasəti və koordinasiyanın gücləndirilməsinə xidmət edəcək:
“Müasir səhiyyə sistemlərinin effektivliyini müəyyən edən başlıca amillərdən biri dövlət siyasəti ilə tibbi xidmətlərin gündəlik təşkili arasında uyğunluğun təmin edilməsidir. Səhiyyə Nazirliyi ölkədə səhiyyə siyasətinin formalaşdırılması və həyata keçirilməsində əsas dövlət institutlarından biridir. TƏBİB isə dövlət tibb müəssisələrinin idarə olunması və tibbi xidmətlərin təşkilində mühüm funksiyalar yerinə yetirir”.

Onun fikrincə, yeni model bu iki istiqamət arasında daha birbaşa institusional əlaqə yaradır və bunun bir neçə mühüm nəticəsi ola bilər:

“Birincisi, səhiyyə sahəsində strateji qərarların qəbul edilməsi ilə onların tibb müəssisələrində icrası arasında koordinasiya güclənə bilər.

İkincisi, tibbi xidmətlərin keyfiyyətinə, xəstəxanaların fəaliyyətinə və idarəetmə nəticələrinə görə məsuliyyət bölgüsünün daha dəqiq müəyyənləşdirilməsi üçün imkan yaranır.

Üçüncüsü, kadr hazırlığı, tibbi xidmətlərin standartlaşdırılması, səhiyyə infrastrukturunun inkişafı və rəqəmsal səhiyyə layihələri arasında əlaqələndirmə daha sistemli xarakter ala bilər.

Burada mühüm prinsip ondan ibarətdir ki, idarəetmənin mərkəzləşdirilməsi qərarların həddindən artıq bürokratikləşdirilməsinə deyil, məsuliyyətin dəqiqləşdirilməsinə və xidmətlərin operativliyinin artırılmasına xidmət edəcəkdir”.



O həmçinin qeyd edib ki, bu yenilik icbari tibbi sığorta sistemində yeni imkanlar yaradacaq:

“Bu struktur dəyişikliyinin mühüm istiqamətlərindən biri icbari tibbi sığorta sisteminin fəaliyyəti ilə bağlıdır. İcbari tibbi sığorta səhiyyə xidmətlərinin maliyyə əlçatanlığını artırmaqla yanaşı, dövlət tibb müəssisələrinin fəaliyyətinə yeni iqtisadi münasibətlər gətirib. Lakin sığorta mexanizminin uğuru yalnız maliyyə vəsaitinin ayrılması ilə ölçülmür. Burada xidmətin keyfiyyəti, xəstələrin vaxtında müayinə və müalicəsi, maliyyə resurslarından səmərəli istifadə və tibbi nəticələr də əsas göstəricilərdir.

Yeni idarəetmə mərhələsində səhiyyə siyasəti, tibbi xidmətlərin təşkili və sığorta mexanizmləri arasında koordinasiyanın gücləndirilməsi mühüm əhəmiyyət daşıyacaq. Xüsusilə Xidmətlər Zərfinin təkmilləşdirilməsi, ambulator dərman təminatının genişləndirilməsi, ixtisaslaşdırılmış tibbi xidmətlərə çıxışın asanlaşdırılması və dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi prioritet istiqamətlərdən olmalıdır. Bununla yanaşı, maliyyələşdirici qurumla tibbi xidmət göstərən müəssisələr arasında funksional sərhədlərin və hesabatlılıq mexanizmlərinin qorunması vacibdir. Səhiyyə sisteminin maliyyə dayanıqlığı ilə tibbi xidmətlərin keyfiyyəti bir-birini tamamlayan məqsədlər kimi nəzərdən keçirilməlidir”.

Deputat bildirib ki, TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi xəstəxanaların idarə olunmasında da yeni yanaşmaların tətbiqi üçün imkan yarada bilər:

“Müasir xəstəxana idarəçiliyi yalnız maliyyə, təsərrüfat və inzibati məsələlərin həllindən ibarət deyil. Xəstəxananın fəaliyyətinin əsas meyarı vətəndaşa göstərilən tibbi xidmətin keyfiyyəti və müalicənin nəticəsidir. Bu səbəbdən yeni mərhələdə tibb müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi üçün konkret göstəricilər tətbiq olunmalıdır. Xəstələrin tibbi xidmətə çıxış müddəti, elektron növbələrin idarə olunması, müayinə və müalicənin keyfiyyəti, pasiyent məmnunluğu, tibbi personalın iş yükü, xəstəxanadaxili infeksiyaların profilaktikası və maliyyə səmərəliliyi kimi göstəricilər vahid monitorinq sistemində birləşdirilə bilər.
Eyni zamanda, xəstəxana rəhbərlərinin fəaliyyətinə qiymət verilərkən yalnız inzibati göstəricilər deyil, klinik nəticələr də nəzərə alınmalıdır. Belə bir yanaşma idarəetmədə şəxsi məsuliyyəti artırmaqla yanaşı, tibbi xidmətlərin keyfiyyətinin davamlı yüksəldilməsi üçün stimullar formalaşdıra bilər”.

Müşfiq Məmmədli onu da deyib ki, yeni Fərmanın əhəmiyyətini daha aydın göstərən mühüm məqam onun 2026-cı ilin mart ayında başlanmış institusional dəyişikliklərlə əlaqəsidir:

“Prezident İlham Əliyevin 19 mart 2026-cı il tarixli Fərmanı ilə icbari tibbi sığorta sahəsində səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin yaradılması qərara alınıb. Bu quruma tibbi xidmətlərin maliyyələşdirilməsi, sığorta vəsaitlərinin idarə olunması və dövlət adından xidmətlərin mərkəzləşdirilmiş alıcısı funksiyaları verilmişdir. Beləliklə, 2026-cı ildə qəbul edilmiş qərarlar səhiyyə sistemində üç əsas funksiyanın daha aydın institusional bölgüsünü formalaşdırır:

- Səhiyyə siyasəti və tibbi xidmətlərin təşkili - Səhiyyə Nazirliyi və onun tabeliyində TƏBİB.

- İcbari tibbi sığortanın maliyyələşdirilməsi və xidmətlərin satın alınması - Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi.

-Tibbi xidmətlərin bilavasitə göstərilməsi - dövlət və müvafiq müqavilələr əsasında fəaliyyət göstərən digər tibb müəssisələri.

Bu modelin səmərəli işləməsi üçün qurumlararası məlumat mübadiləsi, maliyyə intizamı, müqavilə münasibətləri və tibbi xidmətlərin keyfiyyətinə nəzarət mexanizmləri uzlaşdırılmalıdır. Yeni islahat mərhələsi səlahiyyətlərin yenidən bölüşdürülməsi əlavə razılaşdırma mərhələləri yaranmasının qarşısını alacaq. Buna görə də yeni strukturun fəaliyyətində operativ qərarvermə və aydın məsuliyyət bölgüsü xüsusi əhəmiyyət daşıyır”.

Deputatın fikrincə, Azərbaycan səhiyyəsinin qarşısında duran mühüm vəzifələrdən biri Bakı ilə regionlar arasında tibbi xidmətlərə çıxış imkanlarının daha da yaxınlaşdırılmasıdır:

“Rayon və kənd yerlərində yaşayan vətəndaşların ixtisaslı tibbi xidmətə çıxışı, diaqnostik imkanların genişləndirilməsi, həkim çatışmazlığının aradan qaldırılması və təcili tibbi yardımın operativliyinin artırılması davamlı diqqət tələb edən məsələlərdir. Yeni idarəetmə modelində regional səhiyyə siyasəti ayrıca prioritet kimi müəyyənləşdirilməlidir. Xüsusilə rayon mərkəzi xəstəxanalarının imkanlarının genişləndirilməsi, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi, ailə həkimliyi institutunun inkişaf etdirilməsi və ixtisaslı həkimlərin regionlarda fəaliyyətinin stimullaşdırılması mühüm istiqamətlərdir. Eyni zamanda, regional xəstəxanalar arasında funksional əməkdaşlıq qurulmalı, hər bir tibb müəssisəsinin hansı səviyyədə xidmət göstərməsi dəqiq müəyyən edilməlidir. Bu yanaşma həm resursların daha səmərəli bölüşdürülməsinə, həm də vətəndaşların zərurət olmadan paytaxt xəstəxanalarına üz tutmasının azalmasına şərait yarada bilər.

Səhiyyə islahatlarının nəticələrini müəyyən edən əsas amillərdən biri tibbi kadrlardır. Ən müasir xəstəxana infrastrukturu belə peşəkar həkim və orta tibb işçiləri olmadan gözlənilən nəticəni verə bilməz. Bu səbəbdən yeni idarəetmə mərhələsində tibb işçilərinin peşəkar inkişafı, davamlı tibbi təhsil, əməkhaqqı və motivasiya mexanizmləri, eləcə də şəffaf kadr siyasəti əsas prioritetlər sırasında olmalıdır. Tibbi personalın fəaliyyətinin qiymətləndirilməsi yalnız göstərilən xidmətlərin sayı ilə məhdudlaşmamalıdır. Müalicənin keyfiyyəti, klinik protokollara riayət olunması, pasiyent təhlükəsizliyi və peşəkar inkişaf göstəriciləri də nəzərə alınmalıdır. Xüsusilə gənc həkimlərin regionlara cəlb olunması üçün əməkhaqqı ilə yanaşı, yaşayış, sosial təminat və peşəkar inkişaf imkanlarını əhatə edən kompleks stimullaşdırma mexanizmlərinə ehtiyac var.

Yeni institusional modelin uğurlu fəaliyyətinin əsas şərtlərindən biri rəqəmsal səhiyyə sistemlərinin inteqrasiyasıdır. Elektron sağlamlıq kartları, vahid tibbi məlumat bazası, elektron göndərişlər, elektron növbə sistemi və tibbi xidmətlərin rəqəmsal monitorinqi səhiyyə idarəçiliyinin keyfiyyətini yüksəldə biləcək mühüm alətlərdir. Vətəndaşın tibbi məlumatlarının müxtəlif müəssisələr arasında təhlükəsiz mübadiləsi təkrar müayinələrin azalmasına, diaqnostika prosesinin sürətlənməsinə və müalicənin davamlılığının təmin edilməsinə kömək edə bilər. Bununla yanaşı, şəxsi tibbi məlumatların məxfiliyi, kibertəhlükəsizlik və məlumatlardan qanunvericiliyə uyğun istifadə məsələləri ciddi nəzarətdə saxlanılmalıdır. Rəqəmsallaşmanın əsas məqsədi hesabatların sayını artırmaq deyil, həkimin işini asanlaşdırmaq və vətəndaşın tibbi xidmət almaq üçün sərf etdiyi vaxtı azaltmaq olmalıdır”.

Milli Məclisin deputatı bildirib ki, oktyabrın 19-da həyata keçirilən struktur dəyişiklikləri səhiyyə sahəsində rəhbərlik səviyyəsində qəbul edilmiş qərarlarla da müşayiət olunur:
Prezidentin sərəncamları ilə Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub, Anar Bayramov isə səhiyyə naziri təyin edilib. Yeni rəhbərlik qarşısında duran əsas vəzifələrdən biri institusional keçidin tibbi xidmətlərin fasiləsizliyinə mənfi təsir göstərmədən həyata keçirilməsidir. Burada idarəetmənin yenilənməsi ilə əvvəlki mərhələdə əldə edilmiş müsbət nəticələrin qorunması arasında balans təmin olunmalıdır. Hər iki kadrın təcrübəli səhiyyə təşkilatcısı olması bu ümidləri artırır. TƏBİB-in fəaliyyətində formalaşmış təcrübənin, mövcud tibbi informasiya sistemlərinin, kadr potensialının və xidmət mexanizmlərinin yeni strukturda səmərəli istifadəsi xüsusi əhəmiyyət daşıyır.

Səhiyyə sistemində istənilən struktur dəyişikliyinin real nəticəsi vətəndaşın gündəlik həyatında hiss olunmalıdır. Bu baxımdan, yeni idarəetmə modelinin nəticələri konkret göstəricilər əsasında qiymətləndirilməlidir: həkim qəbuluna gözləmə müddətinin azalması, diaqnostik müayinələrə əlçatanlığın yüksəlməsi, regionlarda ixtisaslı tibbi xidmətlərin genişlənməsi, pasiyent məmnunluğunun artması, tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşması və dövlət vəsaitindən istifadənin səmərəliliyi. Bu göstəricilər üzrə ilkin vəziyyət müəyyən edilməli, ölçülə bilən hədəflər təsdiqlənməli və nəticələr mütəmadi olaraq ictimaiyyətə təqdim olunmalıdır. Belə bir yanaşma həm idarəetmədə hesabatlılığı gücləndirər, həm də vətəndaşların səhiyyə sisteminə etimadının möhkəmlənməsinə xidmət edər.

Nəticə etiabrı ilə idarəetmədə dəyişiklik vətəndaşın sağlamlığına xidmət edəcəkdir. Prezident İlham Əliyevin TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı imzaladığı Fərman Azərbaycan səhiyyəsində yeni institusional mərhələnin başlanğıcıdır.

Bu qərar səhiyyə siyasətinin formalaşdırılması ilə tibbi xidmətlərin təşkili arasında əlaqələrin gücləndirilməsi, idarəetmə məsuliyyətinin dəqiqləşdirilməsi və mövcud resurslardan daha səmərəli istifadə üçün yeni imkanlar yaradır. Səhiyyə həm sosial siyasətin, həm də milli inkişafın strateji istiqamətlərindən biridir. Sağlam insan kapitalı güclü iqtisadiyyatın, sosial rifahın və davamlı inkişafın mühüm şərtidir. Bu baxımdan, səhiyyə sistemində həyata keçirilən dəyişikliklərin mərkəzində insan amili dayanır. Yeni idarəetmə mərhələsinin strateji məqsədi də məhz bu nəticəyə nail olmaqdır, ölkə rəhbərinin Azərbaycan vətəndaşına göstərdiyi diqqət və qaygının bariz nümunəsidir”.
Dünən, 17:18
Bu əraziyə dəmir yolu çəkiləcək - 7 milyon manat ayrıldı
Dünən, 16:25
Fransa qarışdı - Tramp Makrona bunu məsləhət gördü
Dünən, 16:10
Azərbaycan İrana arpa tədarükünü bərpa etdi
Dünən, 15:30
Mərkəzdə yeni inklüziv təlim və tədris mərkəzi yaradıldı - FOTOLAR
Dünən, 15:28
Rayonlarda pensiyaların ödəniləcəyi tarix AÇIQLANDI
Dünən, 15:20
Tramp, Putin və Si Cinpin Ukrayna üçün bir araya gəlir?
Dünən, 14:30
Ötən həftə 1420 hektar ərazi minalardan təmizlənib
Dünən, 14:20
Keçmiş nazir yeni naziri kollektivə təqdim etdi - FOTOLAR
Dünən, 14:17
Prezident onları təltif etdi - ADLAR
Dünən, 14:00
Agentlik “44” filmi ilə bağlı ictimaiyyətə müraciət etdi
Dünən, 13:50
“Semaşko”nun bu binasına 1,9 milyon manat ayrılır
Dünən, 13:30
TƏBİB niyə Səhiyyə Nazirliyinə birləşdirildi? - DETALLAR
Dünən, 10:18
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video
Dünən, 10:00
Bu şəxslərin pensiyası artacaq - RƏQƏMLƏR
Dünən, 09:21
Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi
16-10-2026, 17:46
Yüzə yaxın stomatoloq qanunsuz fəaliyyət göstərirmiş - Yoxlama
16-10-2026, 17:07
Ramiz Mehdiyev YAP-dan da çıxarıldı
16-10-2026, 16:30
Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
16-10-2026, 16:30
Həlak olan minatəmizləyənlərin ailələri üçün yeni güzəşt
16-10-2026, 15:06
Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi
16-10-2026, 14:30
Şimali Kiprdə gəmi qəzasına görə tutulan Azərbaycan vətəndaşlarının həbs müddəti artırıldı
16-10-2026, 13:30
İran və Azərbaycan müştərək yeraltı anbarlar yarada bilər
16-10-2026, 13:10
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirilir - Foto
16-10-2026, 13:08
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqladı - Video
16-10-2026, 12:40
İlham Əliyev Hindistanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Foto
16-10-2026, 12:30
Prezidentdən dörd paralimpiyaçımızla bağlı sərəncam
16-10-2026, 12:22
İsrail prezidentinin Bakı səfərini manipulyasiya edənlərə cavab: Bilet alıb, adi reyslə uçub